Sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmışdır.

Şuşa Qalası


Şuşa qalası — Şuşa şəhərinin tarixi mərkəzini əhatə edən qala divarları. Yeni salınmış qala-şəhər onun banisi olan Pənahəli xanın şərəfinə Pənahabad qalası adlandırılmışdır. Sonrakı dövrdə şəhər sadəcə Qala adlandırılmışdır. Bir müddət sonra xalq qalanı Şuşa qalası, sonrakı dövrdə isə sadəcə Şuşa adlandırmışdır. Şuşa adı ehtimal ki, qalanın salındığı yer yaxınlığındakı Şuşakəndin adından götürülmüşdür.

Şair və Qarabağ xanının vəziri Molla Pənah Vaqif şəxsən Şuşa qalasının inşası işlərinə rəhbərlik və nəzarət etmişdir. Qarabağ tarixçisi Həsənəli xan Qaradaği qeyd edir ki, “Molla Pənah Vaqifin birbaşa nəzarəti altında Şuşada bir sıra tikililər, o cümlədən Şuşa qalası inşa edilmişdi.”

Şuşa qalasının inşa edildiyi sahə, çoxsaylı təpə və yarğanlara malik, qərbdən amfiteatr formasına malik dağ yaylasıdır. Yaylanın ən hündür sahəsi dəniz səviyyəsindən 1600 m, ən aşağı sahəsi isə 1300 m hündürlüyə malikdir. Hazırda Şuşa şəhərinin ərazisi mərkəzində uzununa təpə yerləşən yayladan ibarətdir. Şuşa qalasının memarlığında feodal dövrü memarlığının əsas şəhərsalma prinsipləri, həm şəhər yerinin seçilməsi, həm struktur planlaşdırması, həm də qalanın xarici bədii siması baxımından özünü büruzə verir.

Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir.


Tarixi

XVIII əsrin ortalarında İranda və Azərbaycanda mərkəzləşdirilmiş dövlətin süqutundan sonra, Azərbaycan ərazisində bir-birinin ardınca müstəqil xanlıqlar yaranmağa başlayır ki, onlardan da biri Qarabağ xanlığıdır. Öz siyasətini yürüdən və iqtisadiyyatını inkişaf etdirən bu xanlıqların hər biri hakimiyyəti altında olan əraziləri idarə etdiyi mərkəzə malik idi. Bu dövr Cənubi Qafqazın hərbi-siyasi tarixində mürəkkəb hadisələrlə əlaqəlidir: Qırx illik müharibə (1709-1749) hələ başa çatmamışdı, tez-tez feodallar arası müharibələr, kəndli üsyanları baş verirdi, türklər və iranlıların hücumları davam edirdi. Belə bir şəraitdə xanlıqların ərazi bütövlüyü və siyasi müstəqilliyini qorumaq üçün əsas ehtiyacı olan yaxşı möhkəmləndirilmiş paytaxt şəhərin olması idi. Buna görə də möhkəmləndirilmiş şəhərlərin inşa edilməsi ilk növbədə hərbi-siyasi vəziyyətin tələbindən irəli gəlirdi.

Möhkəmləndirilmiş şəhərlərin inşa edilməsi tələbi XVIII əsrin II yarısında Azərbaycan memarlığının inkişafına xüsusi təsir edərək, yerli hakim və onun ailəsinin yaşadığı mülklərin qorunmasını əsas alan xüsusi şəhər tipinin yaranmasına səbəb olmuşdur. Şuşa da şəhərsalma xüsusiyyətinə görə məhz belə şəhərlərdən biridir. E. Avalov həmin dövrdə xanlıqların paytaxtı seçilmiş şəhərləri iki qrupa ayırır. Birinci qrupa qədim dövrlərdə və ya erkən orta əsrlərdə formalaşmış Şamaxı, Bakı, Təbriz, Naxçıvan, Gəncə kimi şəhərlər daxildir. Xanlıqların paytaxtı seçilərkən həmin şəhərlər əsaslı yeidənqurma və inşaat işlərinə məruz qalmamış və tarixi-memarlıq simasını saxlamışdır. Az əhəmiyyətli yaşayış məntəqələri paytaxt seçildikdə isə əsaslı yenidənqurma, genişləndirmə və möhkəmləndirilmə işləri aparılırdı. Qısa müddətdə inşa edilmi bu cür şəhərlər ətraf ərazilərdən sənətkarlar, ruhanilər, xan əyanları, tacirləri cəlb edirdi. Köçəri Cavanşirlər sülaləsindən olan Pənahəli xanın saldırdığı Şuşa şəhəri də belə şəhər idi.

1747-ci ildə Cavanşirlər və Otuzikilər sülalələrinin dəstəyi ilə Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan, Araz çayından Göyçə gölünə, Tərtər çayından Mehri, Tatev və Sisiana kimi uzanaraq Qarabağ, Zəngəzur və Bərgüşad ərazilərini əhatə edən geniş ölkəsini idarə edə biləcəyi möhkəm qala inşa etməyə qərar verir. 1748-ci ildə onun sifarişi ilə Bərdə yaxınlığında Bayat qalasının inşasına başlanılır. Pənahəli xan “ailəsinin yaşaya biləcəyi və yadellilərin hücumu zamanı xalqı qoruyacaq bir qala” istəyirdi. Buna görə də Bayat qalası dərin xəndəklər və qalın xarici divarlarla əhatə edilir. Bişmiş kərpicdən inşa edilmiş Bayat qalasında Xan sarayı, məscid, bazar, hamam və evlər yerləşir. Xan ailəsinin Bayatda məskunlaşmasından sonra ətraf kəndlərin sənətkarları, o cümlədən Ərdəbil və Təbrizdən də bir qədər əhali buraya köçür. Lakin, Bayat uzun müddət xanın iqamətgahı olmur. Həyata keçirilmiş çoxsaylı möhkəmləndirmə işlərinə baxmayaraq, qala xarici hücumçulara qarşı zəiflik nümayiş etdirir. Buna görə də, Pənahəli xan yeni qala inşa etdirmək üçün strateji baxımdan daha əlverişli yer axtarır. Nəticədə sonradan Şahbulaq adlandırılan Tərnəküt adlı yerdə, Şah bulağı adlı bulağın yaxınlığında Ağdamdan 10 km aralıda yerləşən dağətəyi məkan seçilir.

XIX əsr Qarabağ tarixçilərinin məlumatına görə, Pənahəli xanın göstərişi ilə burada qala, daş evlər, məscid, hamam və bazar inşa edilir. Şahbulağında mülki və dini binaların inşa edilməsi haqqında məlumatlara Mirzə Yusif Qarabaği və Mirzə Camal Cavanşirin əsərlərində rast gəlmək mümkündür. M.C.Cavanşir “Qarabağ tarixi” adlı əsərindəki “Rəhmətlik Pənah xan tərəfindən Qarabağda inşa edilmiş abidələr və binalar haqqında” adlı bölmədə qeyd edir: “Pənah xanın göstərişi ilə daşdan Şahbulaq qalası, bulaq yanında məscid, hamam, şəhər binaları və bazar inşa edilmişdir”. İnşaat işləri 1165-ci ildə (1751-1752) tamamlanmışdır. Yeni qalaya köçən və mövqelərini möhkəmləndirən xan, əvvəlki qərargahını dağıtmağa göstəriş verir.

Şahbulaq ərazisindəki inşaat işləri, xüsusilə qala və məscidin memarlığı sonradan Şuşada aparılan inşaat işlərinə əhəmiyyətli təsir göstərmişdir. Demək olar ki, Şuşanın bütün qaladaxili qəsrləri memarlıq-planlaşdırma və həcm-fəza strukturu baxımından Şahbulaq qəsrinin xüsusiyyətlərini təkrarlayır. Lakin, bir müddət sonra yaxınları Pənahəli xana yeni qalanın inşası üçün daha təhlükəsiz yer seçməyi məsləhət görürlər və beləliklə Şuşa qalasının inşasına qərar verilir.


İnşası

Əhməd bəy Cavanşir qeyd edir ki, qalanın inası üçün seçilən “Əbədi keçilməz, əlçatmaz yer hətta ən güclü düşmənin belə onu mühasirəyə almasına imkan vermirdi.” Yeni qalanın inşası üçün elə yer tələb olunurdu ki, dağlara çıxan elatlarla əlaqə üçün bir tərəfdən açıq olsun, həm də Pənahəli xanın hakimiyyətinə tabe olan mahallarla əlaqəyə imkan yaransın.

“Bütün Qarabağda yeganə belə yer, sərt, demək olar ki, əlçatmaz qayalarla əhatə olunmuş və təbii qala olan Şuşa ovalığıdır.” Qarabağ tarixçisi Baharlının məlumatına görə, yeni qalanın inşası üçün inşa edilmiş məkan şərq tərəfi istisna olmaqla hər tərəfdən sıx meşələrlə əhatə edilmişdi. Qala ərazisi bir çox yerlərdə dərələrlə tamamlanan yarqanlarla parçalanmışdır. Yarğanların olması təbii suların qala ərazindən axıdılmasına imkan vermişdir ki, bu da tez-tez yağışlı və dumanlı havanın xarakterik olduğu Şuşada subasmanın olması imkanını sıfıra endirir.

Bir neçə bulaq istisna olmaqla Şuşa yaylasında axar su mənbələrinin olmamasına görə, qala əhalisinin suya olan tələbatının ödənilməsi üçün çoxsaylı su quyuları qazılmışdı. Şuşa yaylasının ən mühüm xüsusiyyətlərindən biri də yaxşı yonulan inşaat daşları və meşələrlə zəngin olması idi. Bunlar qalanın inşası üçün yerli xammal rolu oynamaqla böyük dəyər kəsb edirdi.

Fasiləsiz feodal müharibələri zamanı qala divarları şəhər üçün həyati əhəmiyyət daşısa da, onların inşası şəhər büdcəsinin böyük hissəsinin xərclənməsini tələb edirdi. Şuşa şəhərinin inşası zamanı dağlıq ərazinin seçilməsi həm də qala divarlarının inşasında qənaətə imkan vermişdir. Sərt qayalıqlar müdafiə sisteminin demək olar ki, 2/3 hissəsində əlçatmaz mühit yaratmışdır. Buna görə də, Şuşa şəhəri ərazi seçiminə strateji faktorun necə təsir etməsinin ən yaxşı nümunələrindən biridir.

Qalanın inşası üçün seçilmiş yerin uğurlu olmasını bir çox şahidərin ifadələri də isbat edir. XIX əsrin əvvəllərində Qarabağa səfər etmiş məşhur ingilis səyyahı Q. Keppel Şuşa yaylasının uğurlu strateji yerləşməsini qeyd edir. O, yazır: “təbii üstün mövqe – yüksək təpənin demək olmar ki, əlaçatmaz zirvəsində yerləşmə süni müdafiəyə az ehtiyac yaradırdı.” Qafqaz dağlarının yüksək zirvəzində inşa edilmiş Şuşa qalasını təsvir edən qraf Platon Zubov da onun təbii strateji üstünlüyünü qeyd edir. Üç tərəfdən – cənub, qərb və şərqdən – Şuşa yaylasını əhatə edən yüksək qayalıqlar müxtəlif istiqamətlərdə bir-birinin üstündə ucalaraq, şimal istiqamət istisna olmaqla, bütün tərəflərdən “tamamilə əlçatmazdır”. Şuşa yaylasını əhatə edən qayaların hündürlüyü bəzi yerlərdə 400 metrə kimi çatır.

Rusiya hərbi tarixçisi Vasili Potto Şuşanın Qacar şahzadəsi Abbas Mirzənin başçılıq etdiyi ordudan 48 günlük müdafiəsini təsvir edərkən, həm də Şuşa ərazisinin topoqrafik baxımdan əlverişçi şəraitini qeyd edir: “yarımdağılmış vəziyyətə düşmüş, lakin mövqeyinə görə alınmaz olan qalanın mürəkkəb müdafiə planına ehtiyacı yox idi.” Qalanın inşası üçün seçilmiş yerin üstünlüklərindən biri də, buradan bütün ətraf ərazlərin yaxşı müşahidə olunması və nəzarət edilməsi idi ki, bu da düşmənin qəfil hücumunun qarşısını alırdı. P. Zubov yazır ki, “Şuşa yaylası tərəfdən ən uzaq prespektivdə yerləşən və vadi boyunca səpələnmiş kəndləri, gözəl üzüm bağlarını və meşələrlə örtülmüş dağları müşahidə etmək mümkündür.” 

Şuşa qalasının təbiət tərəfindən yaradılmış alınmazlığından bəhs edərkən V. Potto və A. A. Kaspari şəhərin şimal şərq hissəsində xüsusilə zirvəyə ucalan, “qədim Fermopildəki kimi böyük bir ordunun qarşısının alınması üçün bir neçə nəfərin kifayət edəcəyi”[30] qayalıqları qeyd edirlər. Şuşa qalasından Gəncə qalasına aparan yol dağın yamacında yerləşirdi. XIX əsrin 70-ci illərində şəhərin iqtisadiyyatının inkişafına mane olan sərt enişli yolu bir qədər düzləşdirmək üçün addımlar atılmışdır. Bu məqsədlə çətin keçilən qayalıqların bəziləri partladılaraq dağıdılmışdır. 1864-1865-ci illərdə Şuşada olmuş V. V. Vereşagin çətin keçilən, beş atın arabanı güclə dartdığı sərt maili yoldan bəhs etmişdir.

Yeni salınmış qala-şəhər onun banisi olan Pənahəli xanın şərəfinə Pənahabad qalası adlandırılmışdır. Sonrakı dövrdə şəhər sadəcə Qala adlandırılmışdır. Bir müddət sonra xalq qalanı Şuşa qalası, sonrakı dövrdə isə sadəcə Şuşa adlandırmışdır. Şuşa adı ehtimal ki, qalanın salındığı yer yaxınlığındakı Şuşakəndin adından götürülmüşdür.

Qalanın dəqiq inşa tarixi haqqında da dəqiq məlumat yoxdur. Qarabağnamələri readktə və nəşr etdirən A. Ələskərzadə və E. Şükürzadə qeyd edir ki, Şuşa qalasının təməlqoyma tarixinin hicri 1170-ci il kimi göstərilməsi şübhəlidir. Onların fikrincə Mirzə Camal Cavanşir qalanın təməlqoyma tarixini düz göstərməmiş, onun səhvini isə əsərlərində Əhməd bəy Cavanşir və Mirzə Adıgözəl bəy təkrarlamışlar. Onlar Şuşanın inşasının başlanma tarixini 1751-ci il və ya 1770-ci ilin ikinci yarısı kimi qeyd edirlər.

E. Avalov qeyd edir ki, şair və Qarabağ xanının vəziri Molla Pənah Vaqif şəxsən Şuşa qalasının inşası işlərinə rəhbərlik və nəzarət etmişdir. Qarabağ tarixçisi Həsənəli xan Qaradaği qeyd edir ki, “Molla Pənah Vaqifin birbaşa nəzarəti altında Şuşada bir sıra tikililər, o cümlədən Şuşa qalası inşa edilmişdi.”

Sayt Haqqında

Bu veb-saytda Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətrafındakı rayonlarda düşmənin milli-mədəni irsimizə qarşı törətdiyi müxtəlif cinayət faktları ilə tanış ola bilərsiniz.


Dili Dəyiş

(c) 2020 ngoccupiedculture.az - All rights reserved.

A PHP Error was encountered

Severity: Notice

Message: fwrite(): write of 106 bytes failed with errno=122 Disk quota exceeded

Filename: drivers/Session_files_driver.php

Line Number: 265

Backtrace:

A PHP Error was encountered

Severity: Warning

Message: session_write_close(): Failed to write session data using user defined save handler. (session.save_path: /var/cpanel/php/sessions/ea-php74)

Filename: Unknown

Line Number: 0

Backtrace: