Sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmışdır.

Cəbrayıl


İşğal olunmuşdur 1993 – cü il 23 avqust
Ərazisi 1050 km2 Əhalinin sayı 52049
Şəhid olmuşdur 347. Əlil olmuşdur 172
Milli qəhramanlar 4

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
Mədəni – məişət obyekti 197 
Qəsəbə və kənd 90 
Tarixi abidə 27 


Cəbrayıl rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Cəbrayıl şəhəridir.

Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilmiş, 17 iyun 1964-cü ildə yenidən yaradılmışdır.

23 avqust 1993-cü il tarixində rayon Ermənistan ordusu tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.

4 oktyabr 2020-ci ildə rayonun mərkəzi və bir sıra kəndləri işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi.

Rayon əhalisi arasında ərazinin adının VIII əsrdə yaşamış Cəbrayıl atanın adından alması ilə bağlı fikirlər var. Amma Cəbrayıldakı saysız-hesabsız abidələrin, mağaraların, qalaların, bürclərin, məbədlərin qalıqları bu yaşayış ərazisinin yaşının daha qədim olmasından xəbər verir.


Coğrafi mövqeyi

Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olmuşdur. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır. Məhsuldar olan Arazboyu torpaqlarda Cəbrayılın iri kəndləri - Böyük Mərcanlı, Soltanlı və s. yerləşir. Cəbrayıl rayonun ən yüksək zirvəsi Dağ Tumasdır (1580 m). Erməni işğalından əvvəl rayonda yaşı 400-500 olan 14 iri diametrli çinar ağacı, 104 kəhriz və 99 bulaq vardı.


Tarixi

Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuş və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub. Cəbrayıl kəndinin şimalında "Cəbrayıl ata" adı ilə məşhur olan bu məqbərənin uzunluğu 4,5 metr, eni 2,4 metr, hündürlüyü 1,8 metrdir ki, oradakı məzar və qədim yaşayış yerlərinin izləri indiyə qədər qalır. Digər mənbə və məlumata görə Cəbrayıl toponimi İslamda və monoteist dinlərdə Allahın ən yaxını olan Cəbrayıl adlı mələyin adı ilə əlaqədardır. Cəbrayıl sözü ərəbcə «Allahın qulu» deməkdir. Cəbrayıl ərazisi Midiya (e.ə VII-IV əsrlər), Əhəmənilər imperiyasının (e.ə IV-III əsrlər), Albaniya (e.ə IV -III əsrlər) dövlətlərinin tərkibində olmuşdur. Albaniya dövlətinin mövcudluğu zamanı rayonun ərazisi Pazkank, Əhristan və Dizaq adları ilə həmin dövlətin tərkibində olmuşdur. III-V əsrlərdə Dizaq mahalı Sasanilər tərəfindən işğal olunmuşdur. Xalq həyəcanından qorxan Sasanilər nəhayət Albaniyaya müstəqillik verdilər. VII əsrin ortalarında Cəbrayıl rayonunun ərazisi də Əməvilər xilafətinin tərkibinə qatıldı. Həm Babəkə qədər, həm onun dövründə, həm də ondan sonra ərəb istilaçılarına qarşı mübarizənin dayaq məntəqələrindən biri Cəbrayıl ərazisi olmuşdur. X-XI əsrlərdə (971-1086-cı illər) bu ərazilər Şəddadilər dövlətinin, XIII-XIV əsrlərdə Hülakülər dövlətinin, XIV əsrdən (1387-ci ildən) Teymurilər, XV əsrdən (1412-ci ildən) Qaraqoyunlu dövlətinin, həmin əsrin 1478-ci ilindən Ağqoyunlu dövlətinin, 1502-ci ilin əvvəlindən Səfəvilər dövlətinin, XVIII əsrin II yarısından və XIX əsrin əvvəllərində Qarabağ xanlığının tərkibində olmuşdur. XIX əsrin II yarısında və XX əsrin əvvəllərində Cəbrayıl kəndinə «Qraxdın» da deyilirdi. Bu, deyilənlərə görə, 1831-ci ildə rayonun Daşkəsən kəndində «Karantin» idarəsinin yaradılması və həmin idarənin Cəbrayıl kəndinə köçürülməsi ilə bağlıdır. Yerli əhali «Karantin» sözünü «Qraxdın» kimi tələffüz etmişdir. Bəzi mənbələrə görə isə «Qraxdın» sözü XVIII əsrdə Nadir şahın hakimiyyəti dövründə Azərbaycana köçmüş Cəlair türk qəbiləsinə mənsub olan Qıraqlı-Qıraxlı nəslinin adı ilə əlaqədardır.1841-ci ildə Cəbrayıl ərazisi mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir. Cəbrayıl da baramaçılıq, xalçaçılıq ilə məşhur olmuşdur. Qəzada 5 ipək fabrik olub. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tərkibindən çıxarılaraq Yelizavetpol quberniyasının tərkibində Cəbrayıl qəzası yaradılıb. Bu vaxt qəzanın ərazisi 6,63 min km², əhalisi 66.360 nəfər olmaqla indiki Cəbrayıl, Füzuli, Xocavənd, Qubadlı və Zəngilan rayonlarının ərazisini əhatə edib. 1876-cı ildə Cəbrayılda ilk rus məktəbi, 1912-ci ildə isə qızlar məktəbi açılıb. XIX-XX əsrin əvvəllərində Rusiya-İran dəmir yolu xəttinin Cəbrayıl ərazisindən keçən hissəsi çəkilib. 1905-1918-ci illərdə qəza Qaryagın qəzası adlandırılıb.

1930-cu il avqustun 8-də mərkəzi Cəbrayıl kəndi olmaqla, Cəbrayıl rayonu təşkil edildi. Rayonun ərazisi indiki hüdudları daxilində sahəsi 1050 km², əhalisi 24.300 nəfər olmuşdur.


Cəbrayıl rayonunun abidələri

Cəbrayıl rayonu Azərbaycanın tarixi abidələri, eyni zamanda dini təyinatlı abidələri ilə zəngin rayonlarından hesab olunur. Rayonun köhnə qəbiristanlığında qədim yazılar yazılmış bir lövhə parçası aşkar olunmuşdur. Həmin yerdə, yolun qırağında isə iki başdaşı vardır. Başdaşılarının yuxarı hissəsində heyvan təsvirləri - dağ keçiləri və Qobustan qayaüstü təsvirlərini xatırladan müxtəlif tamqalar həkk edilmişdir. Cəbrayılın ətrafında müxtəlif bədii formaya malik qəbirdaşları vardır, onlardan qoç heykəli olan ikisi Azərbaycanın digər dağətəyi rayonlarındakı abidələrin analogiyasıdır. Cəbrayıl rayonunda müxtəlif türbələr - Dağtumas kəndində XIII-XVI əsrlərə aid türbə, Şıxlar kəndində yerləşən Şıxbaba türbəsi (XIV əsr), Xubyarlı kəndində XVI əsrə aid səkkizguşəli türbə və onlarla başqa tarixi-dini memarlıq nümunələri vardır.

Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Bu körpü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir. Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən, karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyır. Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu - IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərmişdir. Kərpic körpü isə XII əsrdə tikilmişdir. 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində rayonun yaşayış məskənləri ilə yanaşı, tarixi-dini abidələri də məhv olunmuşdur.

Sayt Haqqında

Bu veb-saytda Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətrafındakı rayonlarda düşmənin milli-mədəni irsimizə qarşı törətdiyi müxtəlif cinayət faktları ilə tanış ola bilərsiniz.


Dili Dəyiş

(c) 2020 ngoccupiedculture.az - All rights reserved.