Sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmışdır.

Kəlbəcər


İşğal olunmuşdur 1993-cü il 2 aprel
Ərazisi 1936 km2 Əhalisinin sayı 55000
Şəhid olmuşdur 217. Əlil olmuşdur 49
Milli qəhrəmanlar 2

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
Sənaye və tikinti obyekti 29 
Mədəni – məişət obyekti 134 
Qəsəbə və kənd 132 
Tarixi abidə 87 

Kəlbəcər rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Kəlbəcər şəhəridir.

Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.


Tarixi
"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir.Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.

Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.

Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.

Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

Kəlbəcərdə "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Alıbəyli, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.


Relyefi
Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göy-Göl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir.Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Alagöllər, Qaragöl, Zalxa gölü və s. gölləri var. Rayonda əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılmışdır. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır.


İlk insan məskəni
1936 kvadrat kilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Erməni vandalları buranı işğal etdikdən sonra tarixi abidələrin əksəriyyətini məhv ediblər. Dağıdılmış mədəni abidələr - Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı.

Kəlbəcərdə Zar açıq düşərgəsində aparılan arxeoloji tədqiqatlarda sübut olunub ki, ibtidai insan sürü icmasının ilk əmək alətləri (daşdan) meydana gəlib. Eramızdan əvvəl IV minilliyin sonu-III minillik Tunc dövrü və ya Kür-Araz mədəniyyəti adlanır. Bu mədəniyyətin əsas təşəkkül və yayılma sahəsi Kür-Araz ovalığıdır. Bu dövrdə əhalinin həyatında əkinçiliklə yanaşı maldarlıq da böyük rol oynayıb və dağlıq ərazilərdə də yaşayışa ehtiyac yaranıb. Yeni heyvan növlərinin əhliləşdirilməsi, xüsusilə də təsərrüfatda atdan istifadə olunması böyük əhəmiyyət kəsb edir. Kür-araz mədəniyyətinin son inkişaf mərhələsində artıq Azərbaycanın bütün dağlıq zonalarında (Xoşbulaq kurqanları və Xoləzək (Kəlbəcər), İstisu yaylaqlarında yaşayış məskənləri) məskunlaşma başa çatıb. Orta tunc dövrü Azərbaycanda qədim incəsənətin çiçəklənmə mərhələsidir. Saxsı qablar üzərində çəkilmiş naxışlar bunu bir daha təsdiqləyir. Qobustan (Böyükdaş,Yazılıtəpə), Gəlinqaya və Kəlbəcərin digər ərazilərində (Qoçdaşda) qayaüstü rəsmlərdə heyvanat aləmi, məişət və ov səhnələri, əyləncə və Magiya (şamanlıq) təsvir olunub. Kəlbəcər də qədim insan məskənlərindən biri olub. Burada ilk məskən salan albanların izləri də, onun qayaüstü təsvirlərində və küp qəbirlərində son illərə kimi, ermənilər bu müqəddəs yerləri tapdaq altına alana qədər, qalmaqda idi. Kəlbəcər antik dövrün abidəsi kimi də maraqlı ərazidir. Rayonun «Qaragöl» və «Zalxa gölləri» sahillərində, «Ayıçınqıllı» və «Pəriçınqıllı» dağlarında qayalarda həkk edilmiş təsvirlər 1968-ci ildən öyrənilməyə başlanılıb. 1976-cı ildə Kəlbəcər qaya təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri aşkar edilib. Burada diametri təqribən 20 metr olan dairəvi tikili qalığı üzə çıxarılıb. Mürəkkəb quruluşlu bu tikilinin divarları (qalınlığı 2 metrə qədər) qaya parçalarından və çay daşlarından hörüldüyü bir daha bizə əsas verir deyək ki, bura ilk insan məskəni olub. Çünki o cür nəhəng qaya parçalarını sonrakı nəsil çətin ki, yerindən tərpədə bilsin. Həmin yaşayış yerlərində o dövrə aid, yəni b.e.ə. III minilliyə dair gil qab qırıqları, dən daşları, dəvəgözü və çaxmaqdaşından hazırlanmış bıçaqlar, ox ucluqları və s. də tapılıb. Burada aşkar edilmiş qaya təsvirləri ilə bir dövrdə (Tunc dövrü) yaşayış yerli tayfaların iqtisadi, sosial və mədəni həyatı haqqında təsəvvür yaranır.


Kəlbəcərin işğalı
Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altındadır.

1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək 10 sutkadan çox gedən gərgin döyüşlərdə 701 saylı hərbi hissə, Kəlbəcər könüllüləri və helikopterçilər özlərindən 15 qat üstün olan düşmən qüvvələri ilə mühasirə şəraitində vuruşaraq 450 nəfərdən çox döyüşçü itki vermiş və mühasirədə olan 60 min Kəlbəcərlinin təxliyyəsinə nail olmuşdu. Döyüşdə həlak olmuş qəhrəmanlarımız Kəlbəcər torpağında yatır.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.

1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulmuş, 50 dinc əhali öldürülmüş, 20 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür.


Coğrafi mövqeyi
Relyefi daglıqdır . Murovdağ (Gamış dağ 3724 m, Böyük Hinaldağ d. 3367m ),Şərqi Göyçə, Mıxtökən,Qarabağ silsilələrinin və Qarabağ Vulkanik yaylasının (Dəlidağ d. 3616m) bir hissəsi yerləşir. Yura, Tabaşir, Paleogen, Neogen və Antropogenin çökmə , vulkonogen- çökmə və vulkan mənşəli süxurları yayılır.

İqlimi : Ərazinin yüksək eçən soyuq və dağ tundura iqlimi üstünlük təşkil edir. Yanvarın orta temperaturu -3 °C –dən -10 °C-yə qədər, iyulda 5 °C-dən 20 °C –yə qədərdir. İl ərzində 700–900 mm yağıntı düşür.

Çayları və gölləri : Tərtər ölkəmizin ən böyük çaylarından biridir onun yuxarı axarı və qolları (Levçay, Tutqunçay), Bazarçay Xaçınçay rayon ərzisindən başlanır. Böyük və Kiçik Alagöllər, Zalxagöl və Sərsəng su anbarı rayon ərazisindədir.

Torpaq tipləri : Çimli dağ-çəmən , qəhvəyi və qonur dağ-meşə torpaları yayılmışdır.

Bitki örtüyü : Rayonun mərkəzi və şərq hissələrində enliyarpaq meşələr ( palıd, fıstıq, vələs), meşə-çöl bitkiləri, yüksək və qismən orta dağlıqda isə alp və subalp çəmənlikləri yayılmışdır.

Heyvanlar aləmi : Rayon ərazisində dağ keçisi, cüyür, qonur ayı, çöl donuzu, daşlıq dələsi, ular, toğlugötürən, qartal əsas heyvan və quş növləridir.

Faydalı qazıntıları : qızıl, civə, qum,çınqıl,mışar daşı, mineral sular və.s


Əhalisi
Əhalisi 1 avqust 2013-cü il tarixə olan məlumata əsasən 71.100 min nəfərdir, o cümlədən Bakı şəhərində 8,9 min nəfər, Gəncə şəhərində 22,5 min nəfər, Mingəçevir şəhərində 3,4 min nəfər, Abşeron rayonunda 2,7 min nəfər, Bərdə rayonunda 6,5 min nəfər, Tərtər rayonunda 4,1 min nəfər, Goranboy rayonunda 7,8 min nəfər, Göygöl rayonunda 5,6 min nəfər, Şəmkir rayonunda 1,3 min nəfər, Daşkəsən rayonunda 14 min nəfər, Samux rayonunda 1,4 min nəfər, Yevlax rayonunda 4,0 min nəfər, Oğuz rayonunda 1,1 min nəfər və respublikanın digər 31 şəhər və rayonlarında 8.1 min nəfər müvəqqəti məskunlaşmışdır.

2019-cu ilin sonlarından etibarən işğal altındakı Kəlbəcər rayonu ərazisində işğalçı dövlət Ermənistan tərəfindən qeyri-qanuni yaşayış məskəni salınmağa başlamışdır.


İqtisadi xarakteristikası
Kənd təsərrüfatında əsasən heyvandarlıq və əkinçilik inkişaf etmişdir.

Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici həm də daxili xəstəliklərini müalicə etmək mümkündür. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdir. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi.

Rayonun İstisu qəsəbəsində Ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyaları fəaliyyət göstərirdi. Hər il orada 50 min nəfər müalicə olunur və istirahət edirdi.

Sayt Haqqında

Bu veb-saytda Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətrafındakı rayonlarda düşmənin milli-mədəni irsimizə qarşı törətdiyi müxtəlif cinayət faktları ilə tanış ola bilərsiniz.


Dili Dəyiş

(c) 2020 ngoccupiedculture.az - All rights reserved.