Sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmışdır.

Ağdam


Ağdam toponiminin izahına müxtəlif prizmalardan yanaşan araşdırıcılar var. Ağdam toponimini əsasən rəng mənasında işlənən ağ komponenti və qədim türk dillərində vaxtilə mövcud olmuş, amma müasir Azərbaycan dilində müvafiq leksik anlamı saxlanılmayan tam/dam ("qala", "qala divarı". "möhkəmləndirilmiş kiçik yer') termini ilə izah edirlər. Bu anlamda toponim "ağ qala", "ağ rəngdə qala divarları". "möhkəmləndirilmiş kiçik ərazi" mənalarını ifadə edir. Ağdam yaxınlığındakı Şahbulaq deyilən ərazidə həqiqətən əhəngdaşıdan ibarət olan qədim daş karxanası da var. Qala divarları həmin daşdan hörüldüyündən belə adlanmışdır. Ağ termini toponimyada çox anlamlarda işlədilir. Ağdam oykonimi "kiçik qala" anlamı ilə də əlaqələndirilir.

Toponimi başqa prizmadan da izahlandırırlar. Bəzi araşdırıcılar onu ağ (rəng) və dam (“ev, divar, tikili, qala") komponentləri ilə izah etməyə çalışırlar. Toponimiyada ağ sözünün çoxlu məna çalarları vardır. Ağdam oykonimi relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Azərbaycan dilində və başqa türk dillərində ağ komponentinin müxtəlif məna çalarları olsa da, o, oroqrafik obyektlərdə süxurların ağımtıl, ağ rəngdə olmasını bildirir. Ağ termininin toponimiyada "kiçik". "alçaq". "çox da hündür olmayan" "dayaz". "çox da dərin olmayan" və s. mənaları var. Dam sözünün "qışlaq yerində mal-qara saxlamaq üçün tövlə" mənası da məlumdur.
Mənbələrdən o da məlum olur ki, ağdam həm də nəsil, tirə adıdır.

Ağdam toponimi ağ və dam komponentlərindən ibarətdir. Toponimin tərkibindəki ağ sözü rəng mənası bildirir. Oykonimi təşkil edən dam ("ev, divar, qala") termini vaxtilə qədim türk dillərirində mövcud olmuş tam sözü ilə bağlıdır. Tam (dam) termini "möhkəmləndirilmiş yer" "qala". "qala divarı" anlamını ifadə edir. Bu anlamda Ağdam toponimini "ağ qala". "ağ rəngli qala divarı", "mohkəmləndirilmiş kiçik ağ yer" kimi mənalandırmaq olar. Ağdam sözünü "işıqlı dam" anlamı ilə də mənalandırmaq olar, yəni, "qazma olmayıb, yer üstündə qurulan və günəş işığı ilə işıqlandırılan ev" deməkdir. Dilimizdə ağın işıq" anlamında işləndiyini "ağ günə çıxasan" və s. ifadələrdə də görmək olur. Görünür, qışlaq kimi istifadə edilən ərazidə mal-qaraya baxanlar qazmalarda qara damlarda) yaşadıqları
halda, sonradan burada yer üstündə evlər tikilmiş və yaşayış məntəqəsi əmələ gəlmişdir ki, ona da Ağdam deyilmişdir.

Ağdam oykonimini erkən orta əsrlərdə vaxtilə indiki Ağdam rayonunun ərazisində mövcud olmuş Aquen (Aluen) yaşayış məntəqəsinin adı   (tarixdən məlumdur ki, 488-ci ildə burada Kilsə məclisi də çağırılmışdır) ilə də bağlamaq mümkün variantdır: Aquen (Aluen) - Aqden - Aqdem-Aqdam - Ağdam. Aqu türk dillərində "xoş, mülayim", en morfemi isə "məkan, yurd" deməkdir.

Yuxarıda qeyd olunduğu kimi, əsası 1741-ci ildə qoyulmuş Ağdam şəhəri ərazisindəki qəbiristanlıqdan tapılan 1174-cü ilə aid qəbirüstü kitabə buranın çox qədim qala yaşayış yeri olduğunu göstərir. Ağdam şəhəri yaxınlığında, Şahbulaq deyilən yaşayış məntəqəsi ərazisində əhəngdaşıdan ibarət olan qədim daş karxanası da həqiqətən bu fikrin doğruluğunu bir daha təsdiq edir (qala divarları sonralar da elə həmin daşdan höruldüyündən belə adlandırılmışdır).

Əlbəttə ki, başqa fikirdə olan tədqiqatçılar da var. Bəzilərinə görə, Ağdam sözü Ağ Adəm (“ilk insan - Allah") fikrini ifadə edir. Bir qrup araşdırıcılar toponimi rəng bildirən ağ termini və tərkibində əhəng, süd, yumurta qarışığı olan dam tikilisi ilə izahlandırır. Dam (tam) sözünün türk dillərində "qışlaq yerində mal-qaranı saxlamaq çün tövlə" "ev, divar" "tikili anlamları da məlumdur. Dam termini ilə bağlı Azərbaycanda 90 oronim qeydə alınıb. Dam sözünün "tövlə", mal saxlanan yer" mənaları da məlumdur.

Ağdam toponiminin çoxlu sayda paralelləri məlumdur. Rayon ərazisində Ağdam şəhəri və Ağdamkand adlı yaşayış məntəqəsi də vardır. Tovuz rayonunda Ağdam dağı, Ağdam kandi, Xocavənd rayonunda Ağdam kəndi, Zaqatala rayonunda Ağdam Qalal (Ağdam Kalal) kandi. Cəbrayıl rayonu ərazisində Ağdam dərəsi, Ağdam düzü, Ağdam yatağı, Abşeron rayonu ərazisində, Qobustanda Ağdam palçıq vulkanı, Abşeron yarımadasında Ağdam gölü və s. də var. Vaxtilə İrəvan quberniyasının İrəvan qəzasında, Qəmərli (Artaşat) rayonunda da Ağdamlar adlı kənd mövcud olmuşdur, 1897-ci ildə orada 39 nəfər azərbaycanlı yaşamışdır. 1905-ci ildə erməni təcavüzü nəticəsində əhalisi deportasiya olunmuş və kənd ləğv edilmişdir. Ağdam coğrafi adına Mərkəzi Asiya, İran, Türkiyə, Dağıstan və digər ərazilərdə də rast gəlirik...

Sayt Haqqında

Bu veb-saytda Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətrafındakı rayonlarda düşmənin milli-mədəni irsimizə qarşı törətdiyi müxtəlif cinayət faktları ilə tanış ola bilərsiniz.


Dili Dəyiş

(c) 2020 ngoccupiedculture.az - All rights reserved.