Sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmışdır.

Cəbrayıl (Azərbaycan şəhəri)


Cəbrayıl toponimi haqqında müxtəlif izahlar, fərziyyələr mövcuddur. Rayonun ərazisində, şəhər kənarında Cəbrayıl ata adlı məşhur bir pir var. Deyilənlərə görə, oğuz əsilli əfşarların nüfuzlu şəxslərindən biri olan Cəbrayıl adlı bu şəxs XVI əsrdə yaşamış və buradakı pirdə dəfn olunmuşdur. Tayfa başçısı kimi dövrünün sayılıb-seçilən, xeyirxah, nüfuzlu, müdrik və zəkalı bir şəxsiyyəti olduğu üçün ona Ata deyilərdi. O, vəfat edəndə türk tayfalarının adət və ənənələrinə uyğun olaraq onu yüksək təpədə, Alıpaşa dağında dəfn etmiş və qəbrinin üzərində hündürlüyü 2 metr, uzunluğu 4,5 metr, eni 2,4 metr olan türbə (məqbərə) tikmişlər. Rayondakı yaşayış məntəqələrindən (kəndlərdən) bir neçəsi Cəbrayıl atanın oğlanlarının adları (Alikeyxa-lı, Hasan-lı, Xubyar-lı, Maşan-lı. Mirzəcan-lı,
Şahvələd-li, Yarəhməd-li və s.) ilə adlandırılmışdır. Bu mənada Cəbrayıl toponimi antrotoponimdir.

Toponimi cabrayıllı türk mənşəli tayfanın adı ilə də əlaqələndirirlər. Tarixi sənədlərə görə, cəbrayıllı tayfası son orta əsrlərdə müvafiq olaraq Qaraqoyunlu və Ağqoyunlu, Qızılbaş və Şahsevən, XVIII əsrdə isə Əfşar və Cavanşir tayfa ittifaqlarının tərkibinə daxil olmuşlar. Əlbəttə, bütün bunlar mövcud siyasi vəziyyətlə əlaqədar baş vermişdir.

Cəbrayıl şəhərinin adını hətta monoteist dinlərdə Allaha ən yaxın mələk olan Cəbrayıl mələyinin adı ilə də əlaqələndirənlər var. Cəbrayıl sözü ərəb dilində "Allahın qulu" mənasındadır.

Sayt Haqqında

Bu veb-saytda Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətrafındakı rayonlarda düşmənin milli-mədəni irsimizə qarşı törətdiyi müxtəlif cinayət faktları ilə tanış ola bilərsiniz.


Dili Dəyiş

(c) 2020 ngoccupiedculture.az - All rights reserved.