Sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmışdır.

Qarabağ


Qarabağ

Qarabağ adının qara (böyük) və bağ (qədim türk dillərində "el", "tayfa", "soy") sözlərindən ibarət olduğunu ehtimal edənlər üstünlük təşkil edir. Toponimin tərkibindəki bağ sözü Azərbaycan və fars dillərində "bağçılıq” anlamında da işlədilir. Qara sözünün "böyük, nəhəng, rəng, qaranlıq, xalq, qəm, sevinc, yaraşıq, pis, bədbəxt, şimal, başçı, güclü" və s. mənaları məlumdur. Bağ sözü isə "meyvə ağacı əkilmiş sahə, ip, düyün" mənalarında işlədilir. Slavyan dillərində bağ toponimi boq, boğ, boh, biq və s. formalarda işlənir. Türk xalqlarının dillərində işlədilən baq teonimi semantik dəyişmələr nəticəsində maq, mağ, bağ, bağa, bah, boq, beq, bay və s. fonetik variantları ortaya çıxarmışdır. Tarixi mənbələrdə göstərilir ki, qədim Midiyada Tanrıya Bağa deyilirmiş. Bəzi xalqların qədim
mifologiyasında bağa (tısbağa) müqəddəs yerin, torpağın rəmzidir. Azərbaycanda da bağa vaxtilə müqəddəs heyvan hesab olunmuşdur.

Tarixçı-alim Sara Aşurbəyliyə görə, bak, baq, baqi adlı qəbilə də mövcud olmuşdur. Qarabağ ("böyük bağ) sözünü tayfa adından törənmiş etnotoponim kimi də qəbul etmək olar. Məlum olduğu kimi qədim kəngər-peçeneqlərin tərkibində qarabağ adlı tayfa da var idi. Peçeneqlər hələ eramızın əvvəllərindən Azərbaycanda yaşamışlar. Məhz buna görə də bu toponimi həmin tayfanın adı ilə əlaqələndirirlər. 

Qarabağ toponimini çox geniş arealda yayılmışdır. Türkdilli xalqların toponimiyalarında çoxlu sayda Qarabağlı (Özbəkistan), Qarabağ, Qarabağlar (Turkmənistan, Əfqanıstan, Gürcüstan, Ermənistan, Şimali Qafqaz, Tacikistan, Türkiyə) və s. bu kimi toponimlər qeydə alınmışdır. Qaynaqlardan məlum olur ki, Azərbaycan ərazisində bir neçə (3 və ya daha çox) Qarabağ şəhəri olmuşdur...

Azərbaycanın cənub-qərbində yerləşən Qarabağ dağ silsiləsi şimal-qərbdən cənub-şərqə doğru təqribən 110 kilometr bir məsafədə uzanır. Silsilənin ən hündür zirvələri Qizqala (2843 metr), Böyük Kirs (2725 metr), Alaqaya (2583 metr) adlı yüksəkliklərdir. Qazax rayonu ərazisində də Qarabağ adlı dağ var. Quruluş etibarı ilə sadə olan bu oronimlər öz adını eyniadlı tarixi ərazinin adından almışdır.

Azərbaycanda Qarabağ düzü adlı düzənlik da var. Bu düzənlik Kür-Araz ovalığının bir hissəsidir. Qarabağ düzü şimal-qərbdən Gəncə-Qazax düzənliyi, qərbdən Kiçik Qafqazın Murovdağ və Qarabağ silsiləsi, cənubdan və cənub-şərqdən Mil düzü ilə əhatə olunur. Şirvan düzündən Kür çayı vasitəsilə ayrılır. Qarabağ düzü mürəkkəb oroniminin tərkibindəki düz komponenti mənfi relyef forması bildirən coğrafi termindir. Qarabağ düzü eyniadlı tarixi ərazinin adını daşıyır.

Qarabağlar sadə oykoniminə Azərbaycanda 3 rayonda rast gəlirik - 1) Göyçay rayonunun Şəhadət inzibati ərazi vahidində, Şirvan düzündə olan kənd. XIX əsrin ortalarında Gəncə qəzasında yaşamış qarabağlar tayfasından 11 ailənin Göyçay qəzasına gələrək burada məskunlaşması nəticəsində yaranmışdır; 2) Göygöl (keçmiş Xanlar) rayonunun Çoban Abdallı inzibati ərazi vahidində, Gəncə çayının
(Kürün qolu) sahilində, Gəncə-Qazax düzənliyində olan kənd. Yaşayış məntəqəsi XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın Naxçıvandan Qarabağa köçürdüyü kəngərlilərin qarabağlar tirəsinin burada məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrdə qarabağlar tayfasının Gəncə qəzasında yaşaması haqqında çoxlu sayda tarixi sənədlərdə məlumatlar vardır; 3) Şərur rayonunun eyniadlı inzibati ərazi vahidində, Dərələyəz silsiləsinin ətəyində yerləşən kənd. Kəndin adı eramızın əvvəllərində hun tayfalarının tərkibində Cənubi Qafqaza gəlmiş türkdilli kəngərlər-peçeneqlərin qarabağlar tayfasının adı ilə bağlıdır.

Quruluş etibarı ilə düzəltmə olan Qarabağlı oykoniminə Azərbaycanda 3 rayonda rast gəlinir – 1) Xaçmaz rayonunun Niyazabad inzibati ərazi vahidində, Samur-Dəvəçi ovalığında olan kənd. Bu yaşayış məntəqəsi 1780-1781-ci illərdə Quba xanı Fətəli xanın Qarabağ xanlığından köçürüb apardığı ailələrin məskunlaşması nəticəsində yaranmışdır; 2) Salyan rayonunun eyniadlı inzibati ərazi vahidində, Şirvan dilində yerləşən kənd. Yaşayış məntəqəsini 1840-cı ildə Qarabağdan köçüb gəlmiş ailələr bina etmişlər; 3) Samux rayonunun Poylu inzibati ərazi vahidində, dağətəyi ərazidə olan kənd. Bu yaşayış məntəqəsi vaxtilə Qarabağdan köçüb gəlmiş ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Qarabağlı oykonimləri "Qarabağdan olanlar, Qarabağdan gələnlər" mənasındadır.

Tovuz rayonunun Qəribli inzibati ərazi vahidində, dağətəyi ərazidə yerləşən kənd Qarabağlılar adlanır. Qarabağlılar oykonimi mənşəyinə görə qədimdən Qazax zonasında yaşamış qarabağlar tayfasının adı ilə bağlıdır. Qarabağlar erkən orta əsrlərdə Gürcüstan, Albaniya (Qafqaz) və Ermənistan sərhədlərində yaşayan peçeneqlərin qarabağ qolunun adıdır. Sonralar orta əsrlərdə qarabağlar qazaxlar tayfasının tərkibində olmuşlar.

Ümumiyyətlə, Qarabağ Qarabağlar/Qarabağlılar adları Azərbaycanda çox geniş yayılmışdır. Belə ki, Azərbaycanın böyük bölgəsi olan tarixi Qarabağ mahalından başqa, Naxçıvan ərazisində, Ağstafa, Ağsu, Qazax, Göyçay, Oğuz, Xanlar, Xaçmaz, Salyan və başqa rayonlarda da bu adda kəndlər qeydə alınmışdır. Qarabağlıların, eyni zamanda Cənubi Azərbaycanda, Orta Asiyada, Türkiyədə, Əfqanıstanda, İranda, Stavropolda, Volqaqradda və digər yerlərdə də yaşadıqları haqqında məlumatlar vardır.

Sayt Haqqında

Bu veb-saytda Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətrafındakı rayonlarda düşmənin milli-mədəni irsimizə qarşı törətdiyi müxtəlif cinayət faktları ilə tanış ola bilərsiniz.


Dili Dəyiş

(c) 2020 ngoccupiedculture.az - All rights reserved.

A PHP Error was encountered

Severity: Notice

Message: fwrite(): write of 106 bytes failed with errno=122 Disk quota exceeded

Filename: drivers/Session_files_driver.php

Line Number: 265

Backtrace:

A PHP Error was encountered

Severity: Warning

Message: session_write_close(): Failed to write session data using user defined save handler. (session.save_path: /var/cpanel/php/sessions/ea-php74)

Filename: Unknown

Line Number: 0

Backtrace: